IKT

03 May

Qaxda yaş barama istehsalının 22 tona çatdırılması proqnozlaşdırılır

Builki mövsümdə Qax rayonunda yaş barama istehsalının 22 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün rayon üzrə 486 kümçüyə 550 qutu ipəkqurdu paylanılması nəzərdə tutulur. Qax Damazlıq İpəkçilik Stansiyasında artıq rayonun kümçülərinə ipəkqurdlarının paylanılmasına da başlanılıb.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, prosesin ilk iki günündə 85 kümçüyə stansiyada inkubasiya olunmuş 150 qutu və ya 2 kiloqram 850 qram ipəkqurdu paylanılıb.

Rayonun Cəlayir kəndindən olan Süleyman Məmmədov və Mövlud İsgəndərli bu il ilk dəfə baramaçılıqla məşğul olurlar. Onlar birlikdə stansiyadan 61 qram ipəkqurdu götürüblər. Gənc kümçülər bu il 200 kiloqramadək yaş barama istehsal etməyi qarşılarına məqsəd qoyublar. Onlar bu il barama istehsalından yaxşı gəlir götürəcəklərinə ümid edirlər.

Rayonun Qapıçay kəndinin sakini Sevil Mirzəyeva isə dördüncü ildir ki, baramaçılıqla məşğul olur. Kümçü müsahibəsində deyib: “Təsərrüfatın digər sahələri ilə məşğul olsam da, bir neçə ildir barama da yetişdirirəm. Hər il 20 qram ipəkqurdu götürürəm. Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Qısa müddətdə əlavə gəlir əldə etmək olar. Keyfiyyətli barama yetişdirsəm, qazancım da yaxşı olacaq”.