IKT

30 Aprel

Balakəndə 50 hektardan çox sahəyə tütün şitilləri köçürülüb

Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 267 hektar sahədə “Virciniya botaniki”, 33 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesi davam edir. Bu günədək rayonda 53 hektar sahədə tütün əkilib.

Bu barədə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, indiyədək “Azərtütün ASK” MMC və “Azəri Korporasiyası” ilə müqavilə bağlayan fermerlər tərəfindən 32 hektar sahəyə “Virciniya botaniki”, “İlham M” MMC ilə müqavilə bağlayan fermerlər tərəfindən isə 21 hektar sahəyə digər növ tütün şitilləri köçürülüb. Tütün əkini işlərinə 101 nəfər mövsümi işçi cəlb olunub.