Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər, qarşıya qoyulmuş vəzifələr bu sahənin daimi dövlət qayğısı ilə əhatə olunduğunu göstərir.
Müasir texnoloji avadanlıqlar kənd təsərrüfatının inkişafına və ekoloji mühitə nə qədər faydalıdırsa, torpaq sahibləri və fermerlərə də bir o qədər sərfəlidir. Suvarmada yeni texnologiyaların istifadəsindən əldə edilən təcrübə də bunu deməyə əsas verir.
Tovuz rayonunun şimal hissəsində, Ceyrançöl ərazisində yerləşən “AgroDairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazi üzrə baş aqronomu Nizami Kazımov bildirib ki, yeni texnologiyalar, xüsusən də suvarmada pivot sistemlərdən istifadə həm faydalı, həm də qənaətcildir: “Yeni mərkəzləşdirilmiş suvarma sistemlərinin istifadəsi ilə daha çox məhsul götürmək və maksimum artım təmin etmək mümkündür. İqtisadi cəhətdən olduqca faydalı olan bu vasitələrlə biz bitkinin birbaşa kök hissəsinə su, dərman və gübrə verə bilirik”.
Mütəxəssis onu da qeyd edib ki, xüsusən böyük ərazilərdə, təsərrüfatlarda pivot suvarma sistemlərinin tətbiqi ilə suya təxminən 30-35 faizədək qənaət etmək mümkündür. Eyni zamanda, asan idarəetmə paneli vasitəsilə suvarmanın aparılması və tətbiqini istənilən vaxt, istənilən yerdən izləmək və müdaxilə etmək mümkündür.
Qeyd edək ki, bölgələrdə damcılı suvarma sistemlərinin istifadəsinin genişlənməsi ilə yanaşı, pivot suvarma sistemlərinin tətbiqi də ənənəvi hal alıb. “AgroDairy” MMC-nin Tovuz və Samux rayonu ərazisində yerləşən əkin sahələri pivot suvarma sistemləri ilə tam təmin olunub. Bu üsullardan istifadə ölkəmizin digər regionlarında da geniş vüsət alıb.