IKT

27 Aprel

Fermer: Əkin sahələrinə yaxşı qulluq etməlisən ki, gələcəkdə bol məhsul götürəsən

Bu il Balakən rayonunun təsərrüfatlarında 7 min 520 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Torpaq mülkiyyətçiləri bu günədək 2 min 500 hektaradək sahəyə qarğıdalı əkiblər.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qeyd edək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Hazırda Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.

Rayonun Qazma kəndindən olan fermer Azər Rəsulov 2003-cü ildən qarğıdalıçılıqla məşğuldur. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən yardımlardan yetərincə bəhrələnən fermer ötənilki mövsümdə 160 hektardan çox sahədə qarğıdalı əkib, hər hektardan 110 sentner məhsul götürməyə müvəffəq olub.

Builki planları barədə danışan Azər Rəsulov deyib: “Torpaq mülkiyyətçiləri üçün ən məsul dövr başlanıb. Əkin-səpin işlərini vaxtında və aqrotexniki qaydalara uyğun aparmalısan ki, gələcəkdə yaxşı məhsul götürəsən. Cari mövsümdə Qazma, Mahamalar və Hənifə kəndlərinin ərazisində 163 hektar sahədə dən üçün qarğıdalı əkməyi planlaşdırırdım. Artıq əkin başa çatıb. Çalışacağam ki, sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərməklə, bu il ötən ildəkindən də çox məhsul götürüm. Dövlətimiz fermerlərə qayğısını əsirgəmir. Biz, fermerlər də çalışmalıyıq ki, bu qayğıya öz işimizlə cavab verək, bol məhsul istehsal edək”.

Qeyd edək ki, fermer Azər Rəsulov qarğıdalı istehsalı ilə yanaşı, uzun illərdir ki, taxılçılıq və maldarlıqla da məşğul olur. Təsərrüfat sahibi ötən ilin payızında cari ilin məhsulu üçün 55 hektar sahədə taxıl əkib. Hazırda taxıl sahələrinə aqrotexniki qulluq işləri davam etdirilir.