IKT

26 Aprel

Salyanda bu günədək 2 min hektardan çox sahəyə çiyid səpilib

Salyanda çiyid səpini davam edir. Rayonda bu mövsüm 5 min 604 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin başlayandan indiyə qədər rayonda ümumilikdə 2385,6 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində 200-210 hektar sahədə çiyid səpini aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfi dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstərirlər. Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırması məqsədilə rayonda xüsusi qərargah yaradılıb.

Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı fermerlərin bu sahəyə marağını ilbəil artırır. Hazırda rayonda iri fermerlərlə yanaşı, kiçik pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.

Qeyd edək ki, ötən il Salyanda 5 min 10 hektar sahədə pambıq əkilib və 20 min 422 ton xam pambıq tədarük olunub.