Neftçalada çiyid səpini uğurla davam edir və qısa müddətdə 3 min hektardan çox sahəyə çiyid səpilib. Cari təsərrüfat ilində rayonda 6 min hektardan çox sahədə pambıq becərilməsi nəzərdə tutulub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 23 min 41 ton pambıq istehsal edən rayonun “ağ qızıl” ustaları cari ildə 6 min 794 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 3 min 244 hektar sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində ümumilikdə 400-450 hektar sahəyə çiyid səpilir. Məhsul istehsalçıları müqavilə bağladıqları “İK” MMC, “Azərpambıq” və “P-Aqro” MMC tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.
Artıq rayonun Qaçaqkənd və Qırmızıkənd ərazilərində ilkin səpin aparılmış 65 hektar sahədə normal bitiş alınıb.
Ötən il 20 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayan Boyat kənd sakini Mürsəl Qafarov bu günə kimi əkəcəyi 40 hektar pambıq sahəsinin 35 hektarında səpin aparıb. “Ağ qızıl” ustası bu il becərdiyi sahənin hər hektarından azı 35 sentner məhsul götürmək niyyətindədir. Pambıqçı bu istəyinə çatmaq üçün səpini aqrotexniki qaydada həyata keçirir.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 973 hektar pambıq sahəsindən 23 min 41 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 38,6 sentnerə çatıb.