IKT

26 Aprel

Yevlax pambıqçıları bu günədək 1730,28 hektar sahəyə çiyid səpiblər

Yevlax rayonunun pambıqçıları çiyid səpinini davam etdirirlər. Artıq qısa vaxtda 1730,28 hektar sahədə səpin həyata keçirilib.

Bu ilin pambıq mövsümü üçün Yevlax rayonunda 2330 hektarda çiyid səpilməsi nəzərdə tutulub. 254 fermerlə 1680 hektarda “MKT İstehsal Kommersiya” MMC ilə, 98 fermerlə 650 hektar sahədə “P-Agro” MMC ilə müqavilə bağlanıb. Fermerlər hər hektardan 38 sentnerdən çox pambıq götürməyi hədəfləyiblər.

Respublikamızın bir çox bölgələrində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində çiyid səpini üçün nəzərdə tutulmuş sahələr suvarma suyu ilə təmin olunub. Bu mövsüm 23 ədəd çiyidsəpən aqreqat, 21 ədəd çiyidsəpən traktor, 6 ədəd gübrəsəpən, 8 ədəd kultivator, 56 ədəd mala, 7 ədəd müxtəlif növ şum və mala texnikaları, 5 ədəd kotan və 3 ədəd riper aqreqatı, eyni zamanda, 400 nəfərdən çox işçi qüvvəsi pambıq səpininə cəlb edilib.

Qeyd edək ki, ötən il Yevlax rayonunda 2330 hektarda pambıq becərilib, 8148,8 ton məhsul istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 34,9 sentner təşkil edib. 2019-cu il ilə müqayisədə pambıq istehsalı 1801 ton, hər hektarın məhsuldarlığı 8,5 sentner çoxdur.

Rayonun ən qabaqcıl pambıqçıları olan Ələddin Muradxanov hər hektardan orta hesabla 47 sentner, Xəlil İsmayılov 44,50 sentner, Dağıstan Nəbiyev 46,3 sentner, Oktay Əşrəfov 42 sentner məhsul götürüb. Bu fermerlər cari mövsümdə hər hektardan orta hesabla 42 sentnerdən yuxarı məhsul istehsal etməyi qarşıya hədəf qoyublar.