IKT

26 Aprel

Şəki və Balakəndə kümçülərə baramaçılıqda aqrozootexniki qaydalar barədə məlumat verilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən şimal-qərb bölgəsi rayonlarında fəaliyyət göstərən kümçülər üçün “Baramaçılıqda aqrozootexniki qaydalara düzgün əməl etməklə tut ipəkqurdunun bəslənməsinin təşkili” mövzusunda təlimlərə başlanılıb.

Regional mərkəzdən bildirilib ki, Şəki rayonunun Cəfərabad və Balakən rayonunun Qaravəli kəndlərində keçirilən təlimlər zamanı mərkəzin mütəxəssisləri tərəfindən kümçülərə tut ipəkqurdu yemlənəcək sahələrin hazırlanması, ipəkqurdunun yemlənməsi zamanı qaydalara düzgün əməl edilməsi, kümxanalarda temperatur və rütubətin nizamlanması, künənin vaxtlı-vaxtında dəyişdirilməsinin yüksək məhsul əldə edilməsində önəmli rolu, ipəkqurdunun bəslənməsində sürətli yemləmə texnologiyalarının üstünlükləri və digər məsələlər barədə metodiki məlumatlar verilib. Diqqətə çatdırılıb ki, kümxanalarda temperaturun və nəmliyin yüksək və ya aşağı olması qurdların inkişafına mənfi təsir edir. Dezinfeksiya işlərini təhlükəsizlik qaydalarına əməl etməklə formalin məhlulu ilə apardıqda yüksək nəticə qazanmaq mümkündür.

Təlimlərdə kümçülərə tut ipəkqurdunun geniş yayılmış xəstəlikləri – sarılıq, muskardin, pebrin və onların yaranma səbəbləri, mübarizə üsulları, ipəkqurdunu zərərvericilərdən qorumaq, bol və keyfiyyətli məhsul əldə etmək üçün həyata keçirilməsi vacib olan tədbirlər barədə də ətraflı məlumat verilib, suallar cavablandırılıb.