Biləsuvarda kənd təsərrüfatı məhsulları istehsalçıları sahələrdə payızlıq dənli bitkilərin yemləmə gübrə ilə təminatını artıq yekunlaşdırmaq üzrədirlər. Yanvar ayından bu günədək “Aqroservis” ASC-nin rayon bölməsindən 1144 ton gübrə satışı həyata keçirilib.
Fermer və mülkiyyətçilərin əkinlərin yemləmə, yəni tərkibində azot elementi olan gübrələrə tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC mövsümqabağı rayon bölməsinin anbarlarını kifayət qədər ammonium nitrat gübrəsi ilə təmin edib. Yanvar ayından bu günədək “Aqroservis”in rayon bölməsindən mülkiyyətçilərə 215 ton nitroammofos, 255 ton ammofos, 674 ton ammonium nitrat gübrəsinin satışı həyata keçirilib.
Fermer Anar Mirzəyev onlara yaradılan şəraitdən razılığını bildirib. “Dövlətin bizə verdiyi kart ilə gübrələrimizi rahat ala bilirik. Havaların da əlverişli olması bizə imkan yaradır ki, azot səpini işlərini vaxtında yerinə yetirək. Ötən il hektara 2 ton məhsul götürürdümsə, bu il inşallah, 3-4 ton məhsul götürməyi planlaşdırırıq”, - deyə o qeyd edib.
Rayonun təcrübəli fermerlərindən biri də Mahirəddin Qafarovdur. 18-20 ildir əkinlə məşğul olan M.Qafarov deyib: “Hazırda sahələrə hektara 150 kiloqram azot gübrəsi vermişik, bol məhsul gözləyirik. Dövlətimizin dəstəyi biz fermerləri çox sevindirir. Əminik ki, bizim builki mövsümdə sahələrdə bol məhsul olacaq”.
Qeyd edək ki, bu ildən gübrələrin əldə edilməsində yenilik tətbiq olunur. Dövlət başçısının imzaladığı fərmana əsasən fermerlər mineral gübrələri alarkən dəyərin bütünlükdə 100 faizlik hissəsini “Fermer kartı” ilə ödəyə bilər. Hansı ki, bu vaxtadək alınan gübrənin 30 faizini fermer nağd şəkildə ödəməli idi. Bu barədə danışan “Aqroservis” ASC-nin rayon bölməsinin müdiri İman Mehrəliyev bildirib ki, martın 13–dən fermerlər mineral gübrələrin dəyərinin 30 faizini şəxsi vəsaiti hesabına deyil, dəyərin 100 faizini “Fermer kartı” ilə ödəməklə mineral gübrə əldə edə bilirlər.
Hazırda sahələrdə payızlıq dənli bitkilərin 95 faizindən çoxunda gübrə səpini başa çatıb. Çiyid səpininə hazırlıqla əlaqədar gübrə anbarından fermerlərə toxumla birlikdə səpin üçün 255 tondan çox ammofos gübrəsi satılıb. Qeyd edək ki, builki taxıl məhsulu üçün ötən ilin payızında rayon üzrə 34 min 845 hektar sahədə dənli bitkilər əkilib.