IKT

22 Aprel

“Aqrar Mühəndislər” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Aqrar mühəndislər” layihəsinin açılış mərasimi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, açılış mərasimində çıxış edən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev layihə ilə bağlı məlumat verib.

Tədbirdə çıxış edən “Aqroservis” ASC sədrinin müşaviri İsrafil İsmayılov, Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin rəhbəri Arif Nəcimov gənclərə aqrar sahədə mühəndislik ixtisasının əhəmiyyəti, bu sahədə peşəkar kadrların hazırlanması istiqamətində görülən işlər və perspektivlərlə bağlı fikirlərini bölüşüblər.

"Aqrar mühəndislər" layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan gənclərin aqrar sahəyə cəlb olunması, kənd təsərrüfatı sahəsində kadr potensialının artırılması və daha səmərəli istehsal sistemlərinin təşviq edilməsidir. Layihə müddətində gənclər mühəndislik texnologiyası biliklərinin aqrar sahədə tətbiq edilməsi haqqında geniş nəzəri və praktiki biliklər qazanacaqlar.

Layihə 5 mərhələdə həyata keçiriləcək. Layihənin ilk mərhələsində aqrar mühəndislik, layihələrin hazırlanması və idarə olunması üzrə təlimlər keçiriləcək. İkinci mərhələdə aqrar sahədə istehsal və emal müəssisələrinə ekskursiyalar təşkil olunacaq. Üçüncü mərhələ aqrar sahədə aktual mövzular üzrə müzakirələrə həsr ediləcək. Dördüncü mərhələdə ideyaların layihə formatında hazırlanması və münsiflər heyətinə təqdim edilməsini ehtiva edir. Layihənin sonuncu, beşinci mərhələsində isə seçilmiş gənclər üçün özəl və ya dövlət şirkətlərində qısamüddətli təcrübə proqramında iştirak etmək şəraiti yaradılacaq. Layihənin bütün mərhələlərini uğurla bitirən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunacaq.