IKT

21 Aprel

Biləsuvarda bu mövsüm 1491 məhsul istehsalçısı pambıq becərəcək

Bir neçə gündür ki, Biləsuvarda çiyid səpininə başlanılıb. Ötən il pambıq plantasiyalarından 28 min 333 ton xam pambıq istehsal edən biləsuvarlı əkinçilər cari ildə 8 min 520 hektar sahəyə çiyid səpməyi planlaşdırıblar. Bunun üçün 1491 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum, dərman preparatları ilə təmin olunub və digər lazımi köməklik göstərilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 2 min 334 hektar sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə, 120-130 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 1017 hektarı “MKT-İK” MMC-yə, 214 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 625 hektarı “P-AQRO” MMC-yə, 478 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.