IKT

19 Aprel

Arı ailələrinə görə subsidiya almaq üçün müraciətlərin müddəti aprelin 30-da başa çatır

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində arı ailələrinə görə subsidiya almaq üçün elektron müraciətin formalaşması davam edir. Aprelin 19-dək EKTİS-də 8146 fermer 208921 arı ailəsini bəyan edib. Arı ailələrinin EKTİS-də bəyanı prosesi aprelin 30-da başa çatacaq.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilən və subsidiyaların verilməsində vahid mexanizmi tənzimləyən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində subsidiya verilir. Reqlamentə əsasən, arıçı fermerlər EKTİS-də arı ailələrinin (pətəklərinin) qeydiyyatını həyata keçirir və hər il aprel ayının 30-dək həmin ailələrin mövcud vəziyyəti barədə məlumatları EKTİS-də yeniləyir. EKTİS-də mövcudluğu təsdiqlənmiş arı ailələrinin (pətəklərinin) sayına əsasən subsidiya müraciəti (elektron bəyannamə) formalaşır və fermerin kabinetinə göndərilir. May ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən  seçmə üsulla monitorinqlər təyin ediləcək. Monitorinqlər rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən yerində müşahidə üsulu ilə keçiriləcək.

Monitorinq zamanı fermerin bəyannaməsində göstərilən məlumatlardan fərqli hallar müəyyən edildikdə, fermerin bununla əlaqədar  subsidiya məbləği azaldılır və azalma elektron kabinetində əks olunur.  Əgər fermer monitorinqin nəticəsinə 15 gün ərzində etiraz edərsə, onda situasiya fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq EKTİS-ə daxil edilir.

Müraciətlər DAİM tərəfindən təsdiq edildikdən sonra AKİA  subsidiya ödənişini həyata keçirir.

Arıçılıq sahəsində subsidiyalar 2020-ci ildən etibarən tətbiq edilməyə başlanıb və 2023-cü ilə qədər davam etdirilməsi nəzərdə tutulub.