Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisasının tələbələri üçün dəyirmi masa təşkil edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev digər ixtisaslarda da tədrisin ingilis dilində olmasına zəmin yaradan bu ixtisasın açılmasını uğurlu bir başlanğıc hesab etdiyini bildirib. Diqqətə çatdırılıb ki, ingilis dilində ixtisasların açılması universitet məzunlarının karyera imkanlarının genişlənməsinə və universitetdə təhsil alan xarici tələbələrin sayının daha da artmasına imkan verəcək.
Bildirilib ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingilisdilli ixtisas ədəbiyyatları daxil edilib və zəruri ədəbiyyatlarla təmin olunub. Buna baxmayaraq, gələcəkdə kitabxananın zənginləşdirilməsi qarşıya vəzifə kimi qoyulub. Bu çərçivədə lazımi ədəbiyyatların mütəxəssislər tərəfindən yazılması ilə bərabər tərcümə olunması da məqsədəuyğundur. Muxtar respublika iqtisadiyyatına dair ingilis dilində kitab həm bu sahə üzrə, həm də ingilis dili bacarıqlarına malik mütəxəssislərin səyi nəticəsində ərsəyə gələcək.
Sonra ingilis dilinə tərcümə edilmiş “Sənayeləşmiş Naxçıvan” filmi izlənilib.
Fakültənin müəllimi Elşən Nəsirov çıxışında muxtar respublika iqtisadiyyatının çoxşaxəli fəaliyyəti haqında danışıb.
Dəyirmi masa tələbələrin “Mənim iqtisadi düşüncələrim” adlı mövzusu üzrə müzakirələrlə davam edib. Tədbirdə müəllim və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, müzakirə iştirakçılarının əksəriyyəti İqtisadiyyat ixtisası üzrə ingilis dilində təhsil alan I kurs tələbələri olublar. Tələbələr iqtisadiyyata dair düşüncələrini maraqlı, əhatəli, aydın şəkildə və ingilis dili bacarıqlarından məharətlə faydalanaraq təqdim ediblər.
Dəyirmi masada əcnəbi tələbələr də fəallıq göstəriblər. Onlar öz ölkələri ilə muxtar respublika iqtisadiyyatının fərqli cəhətlərinə toxunublar.