Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi-tədris inkişafına dəstək məqsədilə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin mütəxəssisləri mühazirələrə cəlb olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, Ankara Universiteti (Türkiyə), Harran Universiteti (Türkiyə), Kazan Baytarlıq Akademiyası (Rusiya), Sankt-Peterburq Dövlət Baytarlıq Akademiyası (Rusiya), Timişoara Banat Kənd Təsərrüfatı və Baytarlıq Təbabəti Universiteti (Rumıniya) və Novo-Qoritsa Universitetinin (Sloveniya) professor-müəllim heyəti ADAU tələbələrinə aqrar ixtisaslar üzrə müxtəlif mövzularda mühazirə deyəcəklər. Ümumilikdə tədris prosesinə xarici universitetlərdən 64 professor və müəllimin cəlb olunması nəzərdə tutulur. ADAU-nun aqronomluq fakültəsinin tələbələrinə dərs deyəcək xarici müəllimlər arasında Nova Gorica Universitetinin prorektoru Mladen Franco da var.
Mühazirələr türk, ingilis və rus dillərində aparılacaq.