IKT

16 Aprel

Bu il Salyanda 5 min hektardan çox sahəyə çiyid səpiləcək

Salyanda çiyid səpininə başlanılıb. Rayonda bu mövsüm 5 min 604 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, son üç-dörd gün ərzində rayonda ümumilikdə 340 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində ümumilikdə 100-120 hektar sahədə çiyid səpin aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstərirlər. Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırması məqsədilə rayonda təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət xüsusi qərargah yaradılıb.

Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı fermerlərin bu sahəyə olan marağını ilbəil artırır. Hazırda rayonda iri fermerlərlə yanaşı, 4-5 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.

Qeyd edək ki, ötən il Salyanda 5 min 10 hektar sahədə pambıq əkilib və 20 min 422,1 ton xam pambıq tədarük olunub. Hər hektarın məhsuldarlığı 40,8 sentner olub.