IKT

15 Aprel

Tərtər pambıqçıları qısa vaxtda 1317 hektar sahəyə çiyid səpiblər

Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Tərtər pambıqçıları cari ilin çiyid səpininə başlayıblar. Artıq qısa vaxtda 1317 hektar sahədə səpin həyata keçirilib.

Tərtərli fermerlər cari ilin məhsulu üçün "MKT İstehsalat Kommersiya” MMC və "Azərpambıq” MMC ilə 3435 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıblar. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Hazırda çiyid səpini davam edir. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Səpinin qısa vaxtda başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edib. Bu göstərici ilə Tərtər rayonu pambıqçılıq rayonları arasında ikinci yerdə olub.