Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 42 min 727 baş mal-qara və 138 min 138 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 833 baş təşkil edir. Aprelin 1-i tarixinə olan məlumata görə, rayonda 3 min 45,5 ton ət (diri çəkidə), 5 min 420,8 ton süd, 2 min 207,8 quş əti, 4 milyon 705 min ədəd yumurta istehsal olunmuşdu.
Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,3 faiz, süd istehsalı 1.3 faiz, quş əti istehsalı isə 3 faiz artıb.