IKT

08 Aprel

Sabirabadda örtük altında qarpız əkini yekunlaşmaq üzrədir

Sabirabadda örtük altında qarpız əkini yekunlaşmaq üzrədir. Bostançılar əsasən xarici sort toxumlardan əldə etdikləri şitilləri sahələrə köçürürlər. Xarici sortlara üstünlük verilməsinin əsas səbəbi isə məhsulunun kiçik olmasıdır.

Fins.az xəbər verir ki, Sabirabadda bostançılıqla məşğul olan Böyükağa və Fərman Nəcəfov qardaşları Şamaxıdandır. Səkkiz ildir mart ayında ailələri ilə birgə Sabirabad rayonuna gələrək qarpız yetişdirən qardaşlar Yolçubəyli kəndində ötən il 8 hektar sahədə qarpız əkmişdisə, bu il sahəni 10 hektara çatdırmaq istəyirlər.

Fermer Fərman Nəcəfov söyləyir ki, qarpız əsasən üç mərhələdə əkilir. İlk əkin mart ayının 15-dən başlayır. Əvvəlcədən hazırlanan şitillər bu ay torpağa köçürülür. Bu mərhələnin əkin forması da bir qədər fərqlidir. Yəni şitil torpağa basdırıldıqdan sonra üzərinə ikiqat örtük çəkilir. Birinci örtük ondan ötrüdür ki, alağı inkişafdan saxlayır, cərgələr arasında şum işləri aparılır. İkinci örtük isə qarpız şitillərinin inkişaf üçündür.

Bostançı deyir ki, “Çələbi”, “Ağdənə”, “Cəvərxan” və digər yerli sortlar unudulmaq üzrədir. Çünki yerli sort qarpızın giləmeyvələri daha iri olur və bazarda böyük qarpızlara tələbat çox deyil. Elə bu məqsədlə bostanda giləmeyvəsi nisbətən kiçik olan xarici sortlara üstünlük verilir. Yerli və xarici sortları müqayisə edən bostançı söyləyir ki, yerli sortlar daha məhsuldardır və hektara 70-80 ton məhsul götürmək olur. Yerli sort toxumların maya dəyəri daha aşağıdır. Eyni zamanda, bu il yetişən məhsuldan növbəti il üçün toxum götürmək mümkündür. Xarici sortlara gəldikdə, xərci çox, məhsulu aşağı olduğu üçün hektara 30-40 ton məhsul yığmaq mümkündür. Həmçinin hər ilin əkini üçün də yeni toxumlar almaq vacib şərtdir.

Fermer Böyükağa Nəcəfov bildirir ki, sahələrdə aqrotexniki tədbirlər həyata keçiriləcək: “Havalar istiləşdikdən sonra ikinci qat örtük götürüləcək. Cərgələrin arası iki dəfə şumlanacaq, bir dəfə malalanacaq. Qarpızın vegetasiya müddətində isə üç dəfə suvarılması nəzərdə tutulur. Bu il hava şəraiti əlverişli keçərsə, bir hektardan 50 tona qədər məhsul tədarükü nəzərdə tutulub. İkinci mərhələ qarpız əkini isə aprelin ikinci on günlüyündə başlanılır. Bu əkində şitilə ehtiyac qalmayacaq. Toxum formasında əkiləcək, cərgələrə yalnız birqat örtük çəkiləcək. Üçüncü mərhələdə qarpız əkini isə may ayına təsadüf edir ki, o da açıq bostan adlanır”.

Əkinlər mərhələli olduğu üçün məhsul da ardıcıl olaraq toplanılır. İkiqat selofonda əkilən şitillər iyunun ortalarından başlayaraq axırına qədər yetişir. Sonrakı mərhələdə əkilən qarpız isə iyul-avqustda yetişir.