Azərbaycan fındıq ixracına görə dünyada Türkiyə və İtaliyadan sonra üçüncü yeri tutur. Buna baxmayaraq, fındıq bağlarında hər hektara düşən məhsuldarlığın artırılması vacibdir. Hazırda ölkəmizdə fındıqçılıq sahəsində hər hektara düşən məhsuldarlıq orta hesabla 1,2 ton təşkil edir ki, bu da gözləniləndən aşağı göstəricidir.
Fins.az xəbər verir ki, bu barədə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilən “Azərbaycanda fındıqçılığın inkişaf yolları” mövzusunda seminarda bildirilib.
Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirilən layihənin əsas məqsədi məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yüksəltmək, Azərbaycanda fındığın dəyərinin formalaşması proseslərinin daha səmərəli və rəqabətli olmasına kömək etməkdən ibarətdir. Yeni layihə həm də müasir texnologiyalardan istifadə etməklə fındıq bağlarında məhsuldarlığı bir neçə dəfə artırmağa yönəlib.
Seminarda mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi Təcrübə Bazasında italyan texnologiyası ilə salınan fındıq sahələrinə baxış keçirilib. Bu fındıq bağlarının salınmasında introduksiya edilmiş İtaliya mənşəli “Çifoni”, “Romano” və “Naçioni” sortları ilə yanaşı, yerli dədə-baba sortlarından da istifadə olunub.
Bildirilib ki, ənənəvi üsulla salınan bağlarda ilkin məhsula düşmə 6-cı, tam məhsuldarlıq isə 16-cı ildən başlayır. Hər hektarda məhsuldarlıq isə 1,5 ton təşkil edir. İtalyan texnologiyasının tətbiqi ilə salınan bağlarda isə 4-cü ildən ağaclar məhsul verməyə başlayır. Doqquzuncu ildə tam məhsula düşür. Bu bağlarda hər hektardan orta məhsuldarlıq 2,5 tona çatır. Ənənəvi fındıq bağları ocaq əkin sistemi ilə salınırdı. Yəni qazılan çalada 3-6 pöhrə əkilirdi. İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir. Yeni texnologiya ilə salınan bağlarda 1 hektar sahədə 500 ağac əkilir. Ənənəvi bağlarda isə cəmi 156 ağac əkilirdi.
İntroduksiya edilmiş italyan sortlarının üstün cəhətlərindən biri də məhsul yığımı prosesinin daha asan başa gəlməsidir. Belə ki, həmin sortlarda fındıq yetişdiyi zaman meyvə qərzəyindən rahatlıqla ayrılır. Ağac yığım üçün silkələndikdə məhsul yerə qabıqsız tökülür. Bu da, yığım prosesini sürətləndirir və işçi qüvvəsinə tələbatı azaldır.