IKT

08 Aprel

Bu rayonlarda taxılçı fermerlər üçün təlimlər keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi taxılçılıqla məşğul olan fermerlərə “Taxıl əkinlərində xəstəlik və ziyanvericilərə qarşı mübarizə işləri və təhlükəsizlik tədbirlərinin təşkili” mövzusunda təlimlər keçirir.

Regional Mərkəzdən bildirilib ki, Qəbələ və Oğuz rayonlarında keçirilən təlimlər zamanı fermerlərə payızlıq taxıl sahələrinə yemləmə gübrəsinin (ammonium nitrat) bitkinin inkişaf fazalarından asılı olaraq bir neçə dəfəyə verilməsi, taxılın xəstəlik və zərərvericiləri, onlara qarşı işlədilən pestisidlər, təsir mexanizmi, faydalı və təhlükəli tərəfləri elmi əsaslarla izah edilib. Dərman vasitələrindən istifadə edən zaman təhlükəsizlik qaydalarına və ekoloji mühitin qorunmasına ciddi əməl etmələri, istifadə olunan dərman qablarının utilizasiyası üçün zəruri tədbir görmələri təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, mart və aprelin əvvəllərində yağmurların orta çoxillik normaya yaxın olması, nəmliyin artması və havaların sərin keçməsi taxıllarda unlu şeh və pas xəstəliklərinin yayılması üçün əlverişli şərait yaradıb. Fermerlərə bu xəstəliklərin inkubasiya dövrü, yayılma zamanı vurduğu ziyanın həddi, onlara qarşı tətbiq edilən fungisidlər, istifadə qaydaları, həmçinin taxıl əkinlərində yayılmış birpilləli və ikipilləli alaq otları, vurduğu ziyan və tətbiq olunan herbisid qrupları barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, torpaqda olan nəmliyin qorunub saxlanması məqsədilə məhsul yığıldıqdan sonra sahədə yay şumu əvəzinə diskləmə aparılması, torpaqda əmələ gələn qaysaqların dağıdılması və yarıqların ləğv olunması nəmlik itkisinin azalmasına, həmin dövrdə yağan yağışların torpaqda daha çox toplanmasına imkan verir.

Təlim prosesində mərkəzin mütəxəssisləri tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.