IKT

07 Aprel

Ağcabədidə çiyid səpininə başlanılıb

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.

Fins.az xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub. Ağcabədi pambıqçıları 2021-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə rayon ərazisində 10 min 615 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Artıq təsərrüfatlarda çiyid səpininə başlanılıb. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Çiyid səpininin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.