IKT

02 Aprel

Astara arıçıları yaz qulluq işlərinə başlayıblar

Astara arıçıları bu mövsüm ötən ilkindən çox bal götürəcəklərini proqnozlaşdırırlar. Havaların əlverişli keçməsi, aparılan yaz qulluq işləri bunu deməyə əsas verir.

Ölkəmizin ən böyük arıçılıq rayonu olan Astarda arıçılar yaz hazırlıq işlərinə başlayıblar. Arıxanalara baxış keçirilir, pətəklər ölü arılardan təmizlənir. Qış çox sərt keçmədiyindən, arıxanalarda demək olar, tələfat qeydə alınmayıb.

Qışdan çıxan arıların aktivliyini artırmaq, çoxlu nektar toplamaları üçün onlara bal və vitamin qarışığından hazırlanmış sirop verilir.

Arıçı Yaşar Ağayev bildirib ki, pətəklərdə arıların vəziyyəti də qənaətbəxşdir: “Dərmanını, balını vaxtında vermişik. İndi hazırlaşırıq ki, aprelin 15-də yeşikləri Masallıya köçürək. Orda təbii yoncalar var. Bu, ilk köçümüz olacaq”.

Yaz yağıntılarının çox olması bitki örtüyünün normal inkişafına, arıçılıq təsərrüfatlarına müsbət təsir göstərib. İndi arıların çöldən çiçək tozu gətirmə dövrüdür.

Astara Arıçılar Birliyinin sədri Arif Nəzərov deyib: “Bu il məhsuldarlıq yaxşı olacaq. Çünki arılar artıq çiçək tozu gətirməyə başlayıb. Əgər arı çiçək tozu gətirməsə, inkişaf etmir, bala vermə olmur. Hər bir bala təzə çıxanda çiçək tozu ilə qidalanır, sonra hərəkətə başlayır. Sonra arı sərbəst hərəkət edib, öz yemini daşıyacaq”.

Səksən beş arı ailəsi olan Miki kənd sakini Əlikram Salayev də arılarını yaza sağlam çıxarıb. Deyir ki, hər arı ailəsinə dövlət tərəfindən 10 manat subsidiya verilməsi xərclərinin müəyyən hissəsini qarşılayır. Ötən il hər pətəkdən 18-20 kiloqram bal götürən arıçılar bu il də yaxşı məhsul əldə edəcəklərinə ümidlidirlər. Lakin onları narahat edən bir məsələ var: saxta balın bazarlara yol tapması. Bu da təbii balın dəyərini aşağı salır.

Astara Arıçılar Birliyinin sədri Arif Nəzərov bildirib ki, təbii balın satışında müəyyən problemlər olur. “Saxta alverçilərin əlindən məhsullarımızı sata bilmirik. Bu istiqamətdə bir tədbir görülsə, təbii balın satışında da problemlərlə qarşılaşmarıq”, - deyə o qeyd edib.

Ötən il Astarada 400 tona yaxın bal tədarük olunub. Bu mövsüm ilk balın süzümü hava şəraitindən asılı olaraq iyunun ortalarında aparılacaq. Qeyd edək ki, Astarada həvəskarlarla birgə 1300-dən yuxarı arıçı var. Onlar təsərrüfatlarında 28 minə yaxın arı ailəsi bəsləyirlər.