IKT

02 Aprel

“Azərtütün ASK” tütün əkini ilə əlaqədar indiyədək 122 fermerlə müqavilə bağlayıb

“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri görülür. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 122 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 822,3 hektardır.

Bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurumun rəsmisinin sözlərinə görə, builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb bölgəsi rayonlarında 830 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Bölgənin fermerləri tərəfindən bu günədək ümumi sahəsi 23 min 446 kvadratmetr olan 1666 sadə istixana hazırlanıb və toxum səpilib. Bundan əlavə, cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında da martın ortalarından etibarən tütün şitillərinin yetişdirilməsinə başlanılıb.

İstixanalarda yetişdirilən tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək. Hazırda tütün əkiləcək sahələr şumlanır, malalanır. İndiyədək 783 hektardan çox sahədə don şumu aparılıb.