IKT

01 Aprel

Tovuzun sərhəd kəndlərində yaz işləri davam edir

Vətən müharibəsindən əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəsin mütəmadi pozulması haqqında yayılan rəsmi məlumatlarda Tovuzun Ağdam kəndinin də adı tez-tez çəkilirdi. Demək olar ki, uzun illər hər gün burada düşmən gülləsinin səsi eşidilib. Sakinlər bu səslərə öyrəşsələr də, təsərrüfatlarında gündəlik işlərini çətinliklə həyata keçiriblər. Təsərrüfat sahələrində işləyənlər dəfələrlə atəşə tutulub. Xüsusilə son illər bu istiqamətdə düşmənin təxribatları daha da çoxalmışdı.

Fins.az xəbər verir ki, ötən ilin iyulunda məhz bu istiqamətdə düşmən təxribata əl atdı və ordumuzun layiqli cavabı ilə geri oturduldu. Ötən il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində isə torpaqlarımız yağı düşməndən azad olundu.

Ağdam kəndinin 76 yaşlı sakini Akif Tağıyev yeni meyvə bağı salır. Cəmi bir neçə ay öncə bu bağda nəinki işləmək, burada durmaq belə olduqca təhlükəli idi. “Əvvəllər bizim üçün torpaq sahəmizdə işləmək olduqca çətin olub. Düşmənin atəş altında saxlaması səbəbindən həyətimizdə işləyə bilməmişik. Təsərrüfatımızda iş görə bilmədiyimizdən çətinlik çəkmişik. Mal-qaramız otarılarkən nəzarətdən çıxanda qaytarılması mümkün olmurdu. Ali Baş Komandanımızın və ordumuzun sayəsində əldə etdiyimiz qələbədən sonra hər şey qaydasına düşdü. Hazırda gördüyünüz kimi, yazdır, iş vaxtıdır. Hər kəs həyətində öz işindədir”, - deyə Akif Tağıyev bildirib.

İndi bu kəndlərdə, xüsusilə də Ağdamda yaz-tarla işlərinin qızğın çağıdır. İnsanlar evlərindən çıxıb çəkinmədən torpaqda çalışır. Kənd sakini Yaşar Qurbanov da təsərrüfatında işə başlayıb. O, indiyə qədər qulluq edə bilmədiyi bağında meyvə ağacları əkir. Xurma təsərrüfatı salıb, bağından gəlir əldə etməyi düşünür.

“Üçtərəfli bəyanat imzalanana qədər burada vəziyyət çox gərgin idi. Kənddə rahat gəzə bilmirdik. Hətta bu bağda əkinlə məşğul olmaq mümkün deyildi. Çox pis vəziyyət idi. Bu gün Müzəffər Ali Baş Komandanımızın, ordumuzun sayəsində bağımızda rahat işləyirik”, - deyə Yaşar Qurbanov əlavə edib.

Ağdam sakinləri onsuz da düşməndən qorxmadan evlərində yaşayıb, bu günə kimi əkin-biçinlə, heyvandarlıqla məşğul olub. Bu gün isə yaz-tarla, əkin işlərini daha həvəslə görürlər.