Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl sahələrində yaz-tarla işlərini davam etdirirlər. Hazırda payızlıq əkinlərin gübrələnməsi həyata keçirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, 2021-ci ilin məhsulu üçün 29 min 935,3 hektarda taxıl səpilib. Payızlıq səpinin 22 min 224,1 hektarı buğda, 7711,2 hektarı arpadır. Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi fermerləri 2021-ci ildə də yüksək məhsuldarlığa nail olmaq əzmindədirlər. Bunun üçün taxıl əkinlərinə aqrotexniki qulluq göstərilir, sahələrə gübrə verilir. Yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir.
Fermerlərə verilən subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahiblərini işini asanlaşdırır. "Aqroservis" ASC Ağcabədi regional nümayəndəliyinin direktoru Elgün Gəraylı bildirib ki, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”ndakı dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər. Fermerlər taxıl əkinlərinə əsasən ammonium nitrat gübrəsi verirlər. Əvvəllər qiyməti 26 manat 67 qəpik olan bu gübrənin 8 manatı fermer tərəfindən, 18 manat 67 qəpiyi isə dövlət büdcəsi hesabına ödənilirdi. İndi isə tam dəyəri dövlət büdcəsi hesabına "Fermer kartı" vasitəsilə ödənilir. Bundan başqa, “Aqroservis” əməkdaşları kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.
Subsidiya qaydalarındakı dəyişiklik və səyyar gübrə satışının aparılması torpaq sahibləri tərəfindən razılıqla qarşılanıb. Hüsülü kənd sakini Natiq Xəlilov deyib: "Əvvəllər gübrənin pulunun bir hissəsini özümüz ödəyirdik. İndi isə ödəniş tam şəkildə kartdan həyata keçirilir. Heç bir pul ödəmədən gübrəni alıb sahəyə verə bilirik. Gübrənin səyyar satışı da çox yaxşıdır. Bəzən olurdu ki, çatdırıb gübrə ala bilmirdik. Məhsuldarlığımız aşağı düşürdü. İndi isə gübrənin satışı kəndimizdə həyata keçirilir. Bunun üçün əlavə vaxt və xərc sərf edib aqroservisə getməyə ehtiyac qalmır. Fermerlərə yaradılan bu şəraitdən razıyam".
Qeyd edək ki, təsərrüfat sahibləri şənbə və bazar günləri də daxil olmaqla “Aqroservis” ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər. Bununla yanaşı, gübrə və pestisid sifarişlərini operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil olunması üçün 1659 nömrəsi fəaliyyət göstərir.