IKT

18 Mart

Azərbaycan və Belarus tədarük etdikləri kənd məhsullarının çeşidini artırır

Belarusdan Azərbaycana 2020-ci ildə ixrac olunan kənd məhsullarının həcmi 10,7 faiz artıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqaar Təhməzli ilə Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko arasında video formatdakı görüşdən sonra bu ölkənin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi bildirib.

Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən qarşılıqlı ticarət dövriyyəsinin və mal çeşidinin artırılması məsələləri müzakirə olunub. Tərəflər baytar nəzarəti, bitkiçilik, damazlıq heyvandarlığı, aqrar təhsili, elmi tədqiqatlar sahələrində qarşılıqlı əlaqələri müzakirə ediblər. Qarşı tərəf Azərbaycanı bu il iyunun 1-5-də Minsk şəhərində keçiriləcək “Belagro-2021” sərgisinə dəvət edib.

Bununla yanaşı, iyun ayında keçiriləcək “İnterFood Azerbaijan” sərgisində Belarus müəssisələrinin iştirakı nəzərdə tutulur.

Ötən ildə iki ölkə arasında kənd məhsulları və ərzaq mallarının dövriyyəsi 5,3 faiz artaraq 35 milyon ABŞ dollarına çatıb. Belarusdan idxalın həcmi 30,4 milyon, bu ölkəyə ixracın həcmi isə 4,6 milyon ABŞ dolları təşkil edib. Belarusdan Azərbaycana geniş çeşiddə ağartı və ət məhsulları, şirniyyat məmulatları gətirilir, bu ölkəyə isə əsasən yeri meyvə-tərəvəz, bostan məhsulları ixrac olunur.