Türkiyənin Alaaddin Keykubad adına Alanya Dövlət Universitetinin “İqtisadi və İdari Elmlər” fakültəsinin iqtisad bölüm rəhbəri professor Harun Uçak Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələrinə “İnteqrasiya nəzəriyyəsi və Avropa İttifaqı təcrübəsi” mövzusunda onlayn mühazirə oxuyub. Mühazirədə Universitetin professor-müəllim heyəti də iştirak edib.
ADAU-nun Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov çıxış edərək, professor Harun Uçağa mühazirəyə görə minnətdarlığını bildirib, universitetlərarası qarşılıqlı əməkdaşlığın zəruriliyini vurğulayıb.
Mühazirədə Harun Uçak inteqrasiya və onun mərhələlərindən, Türkiyə-Avropa İttifaqı münasibətlərindən, bu sahədə Gömrük Təşkilatının rolundan, Azərbaycanın bölgədəki əhəmiyyətindən geniş bəhs edib, iqtisadiyyatın inkişafında ticarətin rolunu vurğulayıb. Mühazirədə, həmçinin Çinin dünya bazarındakı mövqeyi və tarixi “İpək Yolu”nun imkanları da qeyd edilib.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.