Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. Monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə əkin subsidiyası ödənilib. Bununla da, müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 227998 nəfərə çatıb.
Aqrar Kredit və İnkişaf Agentliyindən bildiriblər ki, ümumilikdə, 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.
Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.