IKT

17 Mart

Fermerlərlə müqavilə bağlanılıb

Oğuz rayonunun təsərrüfatlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 230 hektar sahədə tütün əkini nəzərdə tutulur. Oğuzlu fermerlər ötən il olduğu kimi, bu il də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Tütün əkini ilə əlaqədar bu günədək 31 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən indiyədək 3500 kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin sonu - mayın əvvəllərində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 269 hektar sahədən 548,5 ton quru tütün əldə ediblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, məhsul istehsalı isə 332,9 ton artıb.