Balakən rayonunun Qazbinə kəndində fəaliyyət göstərən tütünçülük təsərrüfatının rəhbəri fermer Ayparə Dadayeva üç ildir ki, təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur. Ailəsinin təsərrüfat ənənələrini davam etdirən fermer 2018-ci ildə ilk dəfə 32 hektarda tütün əkib-becərib. Tütün sahələrini ildən-ilə genişləndirən xanım təsərrüfatçı cari mövsümdə 75 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkməyi planlaşdırır.
Xanım fermer builki mövsümə hazırlıq işləri barədə məlumat verib. Təsərrüfatçı bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün indiyədək ümumi sahəsi 600 kvadratmetr olan 50 ədəd sadə istixana hazırlanıb. Hazırda daha 20 istixananın hazırlanması üçün iş aparılır. Istixanalarda yetişdiriləcək tütün şitilləri aprelin axırlarında sahələrə köçürüləcək.
Ayparə Dadayevanın sözlərinə görə, ötənilki mövsüm onun təsərrüfatı üçün uğurlu olub. Belə ki, ötən il rəhbərlik etdiyi təsərrüfatda 345 ton quru tütün istehsal edilib. Tütünün satışından əldə etdiyi gəlirdən əlavə, dövlətdən 17 min manatadək subsidiya da alıb. Ötən il təsərrüfatda 200 nəfərədək işçi mövsümi işlərə cəlb olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Ayparə Dadayeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.