Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin müəyyən etdiyi hədəflərdən biri də kartofçuluğun inkişafı, təzə kartof istehsalının artırılmasının dəstəklənməsi, həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir. Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə uyğun olaraq Tovuz rayonunda kartof istehsalı üçün əlverişli ərazilər müəyyənləşdirilib, ixtisaslaşmış fermerlər qrupu yaradılıb, müasir texnologiyalar tətbiq edilir.
Kartofçuluq Tovuzda ənənəvi sahədir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Rayonda görülən tədbirlər nəticəsində faraş kartofçuluğun inkişafına maraq artıb. Keçən il Tovuzda 6748,7 hektar sahədə kartof əkilib, 174453,5 ton məhsul istehsal olunub. Orta hesabla hər hektardan 258,5 sentner məhsul götürülüb.
Hazırda rayonun təsərrüfatlarında kartof səpininə başlanılıb.