Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonda 73 min 227 baş iri buynuzlu mal-qara, 93 min 936 baş davar qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iri buynuzlu mal-qara sayı 0,2, davarların sayı isə 1,8 faiz artıb.
Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 6347,9 ton ət, 49 min 462,8 ton süd, 58 min 842 ədəd yumurta,146,6 ton yun istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,1, süd istehsalı 0,4, yumurta istehsalı 0,9, yun istehsalı 1,1 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.