IKT

27 Yanvar

İki ölkənin ərazi vahidlərindən quş, quşçuluq məhsulları, iri və xırdabuynuzlu heyvanların idxalı məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Küveyt Dövlətinin Əl Cəhra (Al Jahra) inzibati ərazisində yüksək patogen quş qripi xəstəliyi, Xorvatiya Respublikasının Primоrskо-Qоrаnskа (Primorje-Gorski) inzibati ərazisində blutanq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Küveyt Dövlətinin Əl Cəhra inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının, Xorvatiya Respublikasının Primоrskо-Qоrаnskа inzibati ərazi vahidindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Küveyt Dövlətindən və Xorvatiya Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.