Bu ilin mart ayında Bakıda bal yarmarkasının təşkili planlaşdırılır.
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, yarmarkanın təşkili ilə bağlı arıçılar tərəfindən təkliflər irəli sürülüb: "Bu, əlbəttə, mövcud şəraitdən asılı olacaq. Çox istərdik, qısamüddətli olsa da, yarmarka təşkil olunsun. Məkana gəldikdə isə, yarmarkanın ənənəvi yerində keçirilməsi istisna edilmir".
Assosiasiyanın sədri əlavə edib ki, başçılıq etdiyi qurum tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə paytaxtda aqrar məhsullar pavilyonunun yaradılması təklif olunub.
"Bu pavilyonda müxtəlif aylarda müxtəlif mövsümi məhsulların satışını təşkil etmək olar ki, burada həmçinin bal istehsalçılarının da məhsulları alıcılara təklif oluna bilər", - deyə B. Həsrətov qeyd edib.
Xatırladaq ki, Bakıda sonuncu dəfə bal yarmarkası 2019-cu ilin sentyabr ayında təşkil olunub.