IKT

27 Yanvar

Süni mayalanma yolu ilə doğulan buzovlara görə maldarlara 650 min 700 manat subsidiya verilib

Kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə mühüm tədbir həyata keçirilir ki, bu da məhsul istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayondan mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətində düyələr gətirilir, süni mayalanmaya xüsusi diqqət yetirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən maldarlara 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafına marağı daha da artırır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 17 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 9 min 439 baş ana inək və düyədən 6 min 507 baş buzov alınıb ki, bu da hər 100 baş inəyə 68 bala deməkdir. Doğulan buzovlara görə maldarlara 650 min 700 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 120 min 707 baş ana inək və düyə saxlanılır ki, onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.