Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, 2020-ci ildə Zaqatala rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 320 min 170 manat subsidiya ödənilib.
Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötən il Zaqatala rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 32 min 17 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 1445 təsərrüfatçı arıçılıqla məşğul olur. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, 2020-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 195 təsərrüfat, arı ailələrinin sayı isə 3192 ailə artıb.
Sektor müdirinin sözlərinə görə, rayonun arıçılıq təsərrüfatlarında il ərzində 300 tonadək bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.