İmişlidə ötən ilin axırlarından pambıq sahələrində əkin üçün başlanan şum işləri davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ilin məhsulu üçün rayonda 7 min 980 hektar sahədə pambıq əkilməsi planlaşdırılıb. Bunun üçün indiyədək 5 min 192 hektar sahədə qış şumu aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 hektar çoxdur.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq cari ilin məhsulu üçün rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 3 min 727 hektar sahədə pambıq əkilməsi üçün 834 məhsul istehsalçısı ilə müqavilə bağlanılmış və bu iş bu gün də davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 7 min 923 hektar sahədə pambıq əkilmiş və 23 min 777.6 ton məhsul yığılıb. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 30 sentner olub.