Bakı, 11 yanvar Fins.az
Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Ötən il rayonda 15 min 220 ton xurma istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 40 tonadək artıb. Hər hektar xurma bağından orta hesabla 204,5 sentner məhsul götürülüb.
Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan xurmaçılığa maraq ildən-ilə artır. Belə ki, 2020-ci ildə Balakəndə 18 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 763,2 hektardır. Bu bağların 723,1 hektarı barverən yaşdadır.
Qeyd edək ki, son illər rayonda özəl sərmayələr hesabına xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan "Balxurma" müəssisəsi yaradılıb. İllik istehsal gücü 2 min ton olan bu müəssisədə istehsal üçün meyvələr Balakən rayonunun sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik və ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara göndərilir.