Bakı, 5 Yanvar Fins.az
Şahbuz Rayon Kommunal Müəssisələr Kombinatının ting yetişdirmə sahəsinin ərazisi genişləndirilir. Əraziyə rayonun iqliminə uyğun cəviz, badam, ərik və həmişəyaşıl ağacların tumları əkilir.
Şahbuz şəhərindəki 3 hektar sahəni əhatə edən tingçilik sahəsi 2017-ci ildən yaradılıb. Burada rayonun iqliminə uyğun meyvə tingləri ilə yanaşı, müxtəlif gül və həmişəyaşıl ağaclar da yetişdirilir. Rayonda aparılan yaşıllaşdırma tədbirlərinə, yeni meyvə bağlarının salınmasına bu tingçilik sahəsi mühüm töhfə verir. Belə ki, bu günə kimi 10 minə yaxın müxtəlif ağac tingləri yetişdirilərək rayon ərazisindəki yeni bağların və yaşıllıq sahələrinin salınmasında istifadə olunub.
Hazırda tingçilik sahəsinin fəaliyyəti daha da genişləndirilir. Torpaq aqrotexniki tələblərə uyğun olaraq hazırlanır. Təsərrüfat sahəsində fəaliyyətin davamlılığı da təmin edilib. Belə ki, çıxarılan tinglərin yerinə rayon ərazisindən toplanan 200 kiloqramdan artıq cəviz, badam, ərik və həmişəyaşıl ağacların tumları əkilib.
Tingçilik təsərrüfatında torpaq və iqlim xüsusiyyətlərinə uyğun gələn qonşu ölkələrdən gətirilmiş bəzək, gül kollarının toxumları və qələmləri də əkilərək artırılır.
Qeyd edək ki, son illər Şahbuz rayonunda yaşıllaşdırma tədbirləri geniş vüsət alıb. Rayon ərazisində 200 hektardan artıq yeni meyvə və yaşıllıq sahəsi salınıb. Bu bağların əksəriyyəti damcı üsulu ilə suvarılır. Təkcə bu il 24,1 hektar sahədə yeni yaşıllıq sahəsi və meyvə bağı salınıb. Əraziyə 3 minə yaxın meyvə tingi əkilib.