Oğuz rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Cari mövsümdə rayonun torpaq mülkiyyətçiləri 236 hektar dən üçün qarğıdalı sahəsindən 1006 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 42,6 sentner məhsul götürülüb.
Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il rayonun təsərrüfatlarında taxıl biçini başa çatmış ərazilərdə 73 hektar sahədə dən üçün təkrar qarğıdalı da əkilib. Təkrar əkin sahələrində qarğıdalı yığımı artıq başa çatıb. Fermerlər sahələrdən 307 ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 42 sentner olub.
Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulur.
Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı da başa çatıb. Builki mövsümdə rayonda 548,5 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 332,9 ton artıb.
© azertac