Biləsuvarda tərəvəz yığımı başa çatmaq üzrədir. Cari ilin on bir ayı ərzində məhsul istehsalçıları becərdikləri tərəvəz sahələrindən 55 min 35 ton məhsul tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 43 ton çoxdur.
Rayon statistika idarəsindən bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1284,2 hektar sahədə tərəvəz əkiblər. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayır və indiyədək 55 min 35 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı 440 sentner olub. Yığılan məhsulun 4 min 487 tonunu xiyar, 47 min 184 tonunu pomidor, 298 tonunu badımcan, 166 tonunu bibər, 153 tonunu sarımsaq, 456 tonunu soğan, 1910 tonunu yaşıl noxud, 5,7 tonunu yaşıl lobya, 72 tonunu boranı, 35 tonunu turp, 272,9 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusilə fərqlənirlər.