Salyanda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, salyanlı taxılçıları ötən ilin payızında 16 min 802 hektar sahələrdə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 41 min 999, buğda zəmilərindən isə 24 min 142 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 65 min 214 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 11 min 672 hektar sahədə səpin aparıblar ki, bunun da 7 min 814,5 hektarı arpa, 3 min 814,5 hektarı isə buğdadır.
Gün ərzində 100-150 hektar sahəyə toxum səpən əkinçilər bu kampaniyanı qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.