Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiylarının sahəsi ilbəil artır. Hazırda rayonda həyatyanı sahələrlə birlikdə 1122.5 hektar üzüm bağı mövcuddur ki, bununda 932.9 hektarı barverəndir.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, artıq rayonda üzüm yığımı başa çatıb. Bağbanlar, üzüm sahələrindən 9 min 366 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 288 ton çoxdur. Hər hektarın məhsuldarlığı 99.7 sentner olur.
Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xələc kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir. Üzümçü Daşqın Heydərov uzun illərdir bu sahə ilə məşğul olur və hər il də yaxşı mənfəət götürür. “Xeyli vaxtdır ki, yetişdirdiyimiz məhsulun yığımına aparırıq. Ötən ilə nisbətən bu il bağlarada üzüm çox olub. Məhsul çox olduğu üçün üzüm alıcılara ucuz qiymətə satılıb. Bağbanlar yerində üzümün 1 kiloqramının qiymətini 80-85 qəpiyə satıblar ki, bu da ötən ildəkindən xeyli ucuzdur”, - deyə üzümçü bildirib.