IKT

02 Dekabr

Bu rayonun 22 inzibati ərazi dairəsində çəltik əkilib

Bakı, 02 dekabr Fins.az

Ağdaş rayonunda cari ildə 615 hektarda çəltik əkilib və sahələrdən 1974,1 ton məhsul tədarük olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, çəltikçilik ənənəvi təsərrüfat sahəsidir və hazırda 22 inzibati ərazi dairəsində bu məhsul yetişdirilir. Fermerlər və fiziki şəxslər cari ildə əkində “Ağ mirvari”, “Qızıl mirvari”, “Yerli bezos” və “Qılçıqlı” çəltik sortlarından istifadə ediblər ki, bu sortların məhsuluna yerli bazarlarda böyük ehtiyac vardır. Bu, təbii ki, düyünün dadı və yüksək keyfiyyəti ilə əlaqədardır.

Qeyd edək ki, rayonda Knyaz İsmayılov, Əli Musayev kimi peşəkar çəltikçilər yetişib. Cari mövsümdə rayon üzrə hər hektardan orta məhsuldarlıq 32,1 sentner olduğu halda, onların yetişdirdikləri sahədə bu göstərici 40 sentnerə yaxın olub.

Mütəxəssislər gələn il bölgədə çəltik əkini sahələrinin 100 hektaradək artacağını proqnozlaşdırırlar.

©AZƏRTAC