Bakı, 18 noyabr Fins.az
Qobustan rayonunda cari mövsümdə 18 ton bal istehsal olunub və bu göstərici ötən ildəkindən 1,5 ton çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə verilən məlumatda bildirilib ki, arıçılıq Qobustanda əksər ailə üçün ənənəvi təsərrüfat sahəsidir və hazırda onlarca peşəkar arıçı öz təsərrüfatını ildən-ilə genişləndirir. Təsadüfi deyildir ki, arı ailələrinin sayı 2019-cu ildəkinə nisbətən 200 ailə artaraq 3600-ə çatıb. Əksər ərazilərdə, xüsusilə Xilmilli, Nabır, Təklə, Təklə-Mirzəbaba və bir sıra digər ərazi dairələrində bu incə, son dərəcə diqqət tələb edən və həm də çox maraqlı olan arıçılıq daha sürətlə inkişaf edir.
Qeyd edək ki, arıçılar əldə etdikləri, necə deyələr, min bir dərdin dərmanı olan balı hər il olduğu kimi, bu il də yerli bazarlara, əsasən də Bakı və Sumqayıt şəhərlərinin bazarlarına çıxarırlar.