Bakı, 17 noyabr Fins.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 7 480 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% çoxdur.
Dövlət Statistika Komitəsinə verilən məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 48,6% və ya 3 634,3 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 3% çoxdur.
Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 3 845,7 mln. manatlıq (ümumi payda 51,4%) məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.
Qeyd edək ki, Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycanın kənd təsərrüfatı sektoru 1,5% artacaq. Bankın oktyabrda dərc olunan Avropa və Mərkəzi Asiya üzrə hesabatında qeyd olunub ki, 2021-ci ildə isə sözügedən sektor 2,5% artacaq. 2022-ci il üçün isə daha optimistik proqnozu olan bank 3,2% artım gözləyir.