Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 56,61 mln. ABŞ dolları dəyərində 11 419,46 ton kərə yağı idxal edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 29,7%, həcm ifadəsində isə 33% çoxdur.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ölkəyə kərə yağının idxalında ən böyük paya Yeni Zelandiya sahib olub.
Hesabat dövründə ölkə Azərbaycana 26,96 mln. dollar dəyərində 5 493,63 ton kərə yağı tədarük edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,9%, həcm ifadəsində isə 19,3% artıb.
İdxalda ikinci olan Ukrayna ölkəyə 14,9 mln. dollar dəyərində 3 003,66 ton sözügedən məhsuldan göndərib ki, bu da illik müqayisədə dəyər ifadəsində 2,1 dəfə, həcm ifadəsində isə 88,9% çoxdur.
Bu ölkələrin ardınca yer alan Belarus cari ilin ilk üç rübündə 6,49 mln. dollarlıq 1 219,21 ton kərə yağı tədarük edib. İllik müqayisədə bu dəyər ifadəsində 37,9%, həcm ifadəsində isə 36,5% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin ilk doqquz ayında Avropa ölkələrindən Azərbaycana ən çox kərə yağı ixrac edən ölkə Finlandiya olub. Belə ki, Skandinaviya ölkəsi Azərbaycana 2,27 mln. dollarlıq 448,16 ton məhsul göndərib ki, bu da dəyər ifadəsində 15% az olsa da, həcm ifadəsində 0,8% çoxdur.