IKT

09 Noyabr

Alimlər bitki zərərvericilərinə qarşı "yaşıl" mübarizə metodu təklif edirlər

Bakı, 08 noyabr Fins.az 

Rusiyanın Tümen Dövlət Universitetinin əməkdaşları beynəlxalq tədqiqatçılar qrupu ilə birlikdə bitki zərərvericilərinə qarşı mübarizəni təkmilləşdirmək üçün bakteriyalardan istifadə olunmasını təklif ediblər.

RİA Novosti xəbər verir ki, alimlərin fikrincə, gənələrdə və onların mühitində yaşayan bakteriya və digər mikroorqanizmlər digər gənələrin bioloji xüsusiyyətlərinə təsir etmək imkanı yaradacaq. Tədqiqatın nəticələri "Microbial Ecology" jurnalında dərc edilib.

Gənələr nəinki qida maddələrinin zərəvericiləridir, həmçinin allergiya və respirator xəstəliklərinə səbəb olduğu üçün insan sağlamlığına ciddi təhdiddir. Onların hər yerdə yayılması və yüksək uyğunlaşma qabiliyyəti isə mübarizəni çətinləşdirir. Məsələn, "Tyrophagus" gənələr hətta Beynəlxalq Kosmik Stansiyaya daxil ola bilib. Gənələrin elə növləri var ki, onlardan "yaşıl" kənd təsərrüfatında pestisid olmadan bitki zərərvericilərinə qarşı mübarizədə geniş istifadə edilir. Alimlərin fikrincə, həm faydalı, həm də bitki zərərvericiləri olan gənələrin bioloji xüsusiyyətlərini manipulyasiya etmək üçün bakteriya-simbiontlardan istifadə etmək olar. Bu mikroorqanizmlər sahibinin uyğunlaşma qabiliyyətinə təsir göstərir, onu patogenlərdən qoruyur və patogen daşımaq qabiliyyətinə təsir göstərir.

16S ribosomal geninin məlumatlarından istifadə edən Tümen Dövlət Universitetinin əməkdaşları Bitkiçilik İnstitutu (CRI, Çexiya) və İllinoys Universitetindən (UIC, Çikaqo, ABŞ) olan həmkarları ilə birlikdə gənə bakteriya-simbiontları növlərinin tərkibini və onların miqdarını müəyyənləşdiriblər. Bu məlumatlar əsasında gənə yumurtalarında, onların orqanizmində və mühitindəki bakteriyaların müqayisəli analizi aparılıb. Müəyyən edilib ki, "Wolbachia" və "Cardinium" bakteriyalarına yoluxma halında gənələrdəki digər bakteriyalar yoluxmamış gənələrlə müqayisədə kəskin dəyişib, sıxışdırılıb. Beləliklə, "Wolbachia" və "Cardinium" bakteriyaları patogenlərə perspektiv bioloji nəzarət metodu imkanlarını yaradır.

Alimlər yırtıcı gənələrdəki bakteriyalarda dəyişiklik etməklə bitki zərərvericilərinə qarşı "yaşıl" mübarizə metodu hazırlamağı planlaşdırırlar. Məsələn, patogendən azad edilmiş gənələr bitki zərərvericilərinə nəzarət üçün daha effektiv olacaq. Entomo və akarifaq kimi yırtıcı gənələr kənd təsərrüfatında pestisidlərdən istifadə edilməsinə alternativ tətbiq ola bilər.

©azertac