Bakı, 07 noyabr Fins.az
Ağsu rayonunun heyvandarları cari ilin ötən on ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, məhsul istehsalında bütün göstəricilər keçən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən bildirilib ki, 2020-ci ilin on ayında diri çəkidə ət istehsalı 56 ton artıb və 4506 tona çatıb. Süd istehsalı isə 103 ton artıb və 254 min ton olub. On ayda, habelə 10 milyon 875 min ədəd yumurta, 314 ton yun istehsal edilib. Artım keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 628 min ədəd və 4 ton təşkil edib. Rayonun əksər ərazilərində, xüsusilə Gəgəli, Ərəbsarvan, Qaraqoyunlu və bir sıra digər ərazi dairələrində heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər daha yüksək nəticələr əldə ediblər.
Qeyd edək ki, hazırda heyvandarların qayğıları artıb. Belə ki, onlar qarşıdan gələn qarlı-çovğunlu qış qayğılarını yaşayırlar. İlin uğurlu nəticələrlə başa çatdırılması, mal-qaranın qışdan sağlam çıxarılması üçün ciddi səy göstərilir.
© azertac