Bakı, 06 noyabr Fins.az
Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, cari ildə Şəki rayonunda arıçılıqla məşğul olan 553 arıçıya saxladıqları 18 min 560 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 185 min 600 manat subsidiya ödənilib.
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Sektor müdiri bildirib ki, statistik məlumata əsasən, hazırda Şəki rayonunda 520 arıçıya məxsus təsərrüfatda 14 min 186 arı ailəsi mövcuddur. Bundan əlavə, rayonda məskunlaşmış məcburi köçkün ailələrindən olan 112 arıçıya məxsus təsərrüfatlarda da 4 min 800-dən çox arı ailəsi var. Bu il subsidiya almaq üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə 553 arıçı müraciət edib. Monitorinqlərdən sonra onların təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınıb.
Qurum rəsmisinin sözlərinə görə, arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, bu il subsidiya almaq üçün müraciət edən arıçıların sayı 83 nəfər, arı ailələrinin sayı isə 2586 ailə artıb.
© azertac